Hipofiz vəzi xəstəlikləri müalicə edilməzsə hansı fəsadlara səbəb ola bilər?

Hipofiz vəzi xəstəlikləri müalicə olunmazsa ciddi fəsadlara yol aça bilər. Bu xəstəliklər mütləq müalicə olunmalıdır. Çünki bunların içərisində həyat üçün təhlükəli olan öldürücü xəstəliklər var. Məsələn, akromeqaliya xəstəliyi. Akromeqaliya xəstəliyi xərçəngə yol açmaqdan tutmuş qan şəkər metabolizmasını pozaraq, qan təzyiqini yüksəldərək, xəstənin həyat keyfiyyətini pozaraq çox ciddi fəsadlara yol açmaqdadır. Bu xəstəliyi başlı başına buraxmaq olmaz. Yaxud Kuşinq xəstəliyi xəstənin yaşayış keyfiyyətini pozmaqla osteoporozlara, sınıqlara, cinsi sferada olan problemlərə yol açmaqla qan təzyiqini yüksəldərək həyatı risklər yaratmaqdadır. Həmçinin prolaktinoma xəstəliyi ayrıca verdiyi şikayətlərdən başqa xəstədə sonsuzluq şikayətlərini, bundan başqa düyün çox böyüyərsə beyin içinə qansızmaya qədər apara bilər. Hipofiz vəzi xəstəlikləri mütləq müalicə olunmalıdır.

Hipofiz hormonunun yetərsizliyinin həyat üçün çox ciddi riskləri vardır. Məsələn, AKTH hormonunun yetərsizliyi ilə bağlı kortizol istehsalında bir defekt varsa bu xəstələrdə böyrəküstü vəz hormonlarının yetərsizliyi ilə bağlı qan təzyiqinin düşməyi, kortizol hormonu stress hormonu olduğu üçün stressə adaptasiya ola bilməmək, iştaha zəifliyi, kilo defisiti, bu kimi hallar meydana çıxmaqdadır. Əgər bir şəkərsiz diabet xəstəsindən söhbət gedirsə bu xəstələr ölmürlər, hətta su içdikləri müddətdə həyati problem belə yaşamırlar, lakin bu xəstəlik onların yaşayış keyfiyyətini pozur, xəstə gün ərzində 30-40 dəfə sidiyə çıxır, gün ərzində 10 litrdən çox su içir və həyatının keyfiyyəti pozulur. Ən çox qan şəkərinin və qan təzyiqinin yüksəlməsinə bağlı olaraq xəstədə həyati risklər yaratdığı üçün bütün hipofiz xəstəlikləri müalicə olunmalıdır. Hətta müalicəyə ehtiyac olmayan, funksional fəaliyyəti olmayan düyünlər varsa belə, bu da həkim nəzarəti altında təqib olunmalıdır. Hipofiz vəzi xəstəliklərində ölüm riski öz yaş qruplarına görə daha yüksəkdir.

Digər məqalələr

© 2024 · hipofiz.org · Layihə Dr.Hidayət Məmmədzadə üçün BERC Creative komandası tərəfindən yaradılıb.