Hipofiz vəzi nədir?

Hipofiz vəzi endokrin sisteminin drijorudur. Endokrin sistemin mərkəzi orqanıdır. Başda, beyində göz yuvası və burun boşluğunun arxasında yerləşən kiçik bir daxili sekresiya vəzisi olub, lobya boyda, ölçüsü təxminən 1 sm-ə qədər, çəkisi 0.4 – 1 qram ağırlıqda bir orqandır. Hipofiz vəzi həm beynin xaricində, həm də daxilində yerləşir. Baş beyindən-hipotalamusdan xüsusi bir sap vasitəsi ilə asılmışdır. Hamiləlik vaxtı çəkisi və ölçüləri artar. Ön, orta və arxa paydan ibarətdir. Ön və orta pay birlikdə adenohipofiz adlanır və vəz kütləsinin 80 faizini əhatə edir. Ön hipofizdə 5 fərqli hüceyrə qrupları vardır ki, bunlar müxtəlif çeşidli hormonlar istehsal edir. Bunlardan ən önəmlisi böyümə hormonudur. Böyümə hormonu uşaqlıq çağında böyüməni təmin edən hormondur. 2-ci qalxanvari vəzidə qalxanvari vəz hormonlarının istehsalı ilə məşğul olan TSH dediyimiz hormondur. Qadınlarda südvermənin təminatçısı olan prolaktin hormonu hipofiz vəzində istehsal olunan digər hormonumuzdur. Mərkəzi cinsi hormonlar və kortikotrop hüceyrələr tərəfindən AKTH hormonu da burada istehsal olunur ki, bu da böyrəküstü vəzimizdə həyat hormonu sayılan kortizolun istehsalından məsuldur.Beyində (hipotalamusda) istehsal olunan oksitosin hormonu, hansı ki, doğuşda və südvermədə əhəmiyyəti vardır və vazopressin hormonu su-duz mübadiləsinə aid vacib hormonumuz olub bir depo, rezerv rolunu görən arxa hipofizə toplanır və sistemə buradan dövr edir. Hipofiz vəzində istehsal olunan hormonlar hədəf orqanlar dediyimiz periferik orqanların işini təmin edir, onlara xüsusi siqnallar verir və həmçinin aşağıdan üst mərkəzlərə gələn siqnalla endokrin sistem bir birini kontrol edir. Yəni hipofiz vəzin əhəmiyyəti çox böyükdür. Bu böyük fizioloji əhəmiyyətə malik hormonlar istehsal etməklə endokrin sistemin istiqamətləndiricisi sayılır.

Hipofiz vəzi xəstəlikləri hansılardır?

Hipofiz vəzi çox mükəmməl bir mexanizmlə işləyir. Fəqət hipofiz vəzində yaranmış adenomalar bu mexanizmi poza bilər. Yəni vəzin özündən qaynaqlanan adenomalar, bunlar istehsal olunan hormonun adına görə dəyişir bizim üçün çox maraqlıdır. Məsələn, prolaktin istehsalı ilə bağlı artmış bir adenoma varsa biz buna prolaktinoma xəstəliyi deyirik. Yaxud da AKTH hormonun artıqlığı ilə bağlı adenoma varsa biz buna Kuşinq xəstəliyi deyirik. Yaxud böyümə hormonunun artmış istehsalı ilə bağlıdırsa bu akromeqaliya xəstəliyidir və s. Həmin hormon artıqlığı orqanizmin bütün mübadilə mexanizmini pozur. Vəzin özündən meydana çıxan adenomalardan əlavə bir də beyin içində olan kraniofaringiomalar, meningiomalar və digər kütlələrin hipofiz vəzində yaratdığı kompressiyanın təsirindən hipofiz vəzində bir yetərsizlik başlayır. Bəzi hallarda bu yetərsizlik hipofiz vəzinin tamamilə fəaliyyətdən qalmasına, panhipopitiutarizm dediyimiz bir tabloya yol açır. Bunun həyati bir önəmi vardır. Çünki, hipofiz hormonları çox önəmlidir. Xüsusən, kortizol hormonu, qalxanvari vəzi hormonları hipofiz vəzidən gələn siqnallar əsasında sintez olunur. Eyni zamanda, parsial olaraq hissəvi şəkildə hipofiz vəz hormonlarında azalma misal üçün, cinsi seksual sferada bəzi problemlərə, menustural tsikl pozğunluqlarına və s. səbəb ola bilər. Hipofiz vəzi bundan başqa kistalar, anevrizmalar, metastatik şişlər, damar xəstəlikləri, infiltirativ sistem xəstəlikləri, infeksion xəstəliklər, vərəm, sifilis, QİÇS xəstəliyi ilə bağlı xəstəliklərə də cəlb oluna bilər. Çoxçeşidli hipofiz vəzi xəstəlikləri mütləq mütəxəssis həkim tərəfindən araşdırılıb dəqiq diaqnoz qoyulmalıdır ki, doğru düzgün müalicə taktikası seçilə bilsin.

Hipofiz vəzi xəstəliklərinin yaranma səbəbləri nələrdir?

Hipofiz vəzi xəstəliklərinin yaranma səbəbləri çox çeşidlidir. Bu xəstəliklər daha çox adenomalara bağlı hormon artıqlığına yaxud da əksikliyinə səbəb ola biləcək düyünlər, törəmələrlə əlaqədar olur. Bunların tam yaranma səbəbini bilmirik. Genetik səbəblər olduğu ehtimal olunur. Yəni bu gen mutasiyalarına bağlıdır. Tam səbəbini bilmədiyimiz üçün profilaktika və qarşısını almaq da əlimizdə olmur. Amma bundan başqa hipofiz vəzinə metastatik şişlər, beyin içi hemangiomalar, hamartomalar, karaniofaringomalar və s. çeşidli onkoloji xəstəliklərə, travmalara bağlı kompressiya vəz fəaliyətinin yetərsizliyinə səbəb ola bilər. Kəllə içi travmalar, beyin travmaları hipofiz vəzinə təsir edə bilər. Daha çox uşaqlarda kraniofaringiomalar çox aktualdır. Bundan başqa, iltihabi xəstəliklər, damar xəstəlikləri, anevrizmalar, sistem xəstəlikləri, meningitlər, infeksion xəstəliklər, vərəm, sifilis, qazanılmış immunodefisit sindromu və s. bu kimi xəstəliklər də hipofiz vəzinin xəstəliklərinin yaranmağına səbəb ola bilər.Beyin şişlərinin 10 faizdən artığı hipofiz adenomalarının payına düşür. Beyin içində olan kütlələrdən başqa hipofizin özündə yaranan adenomaların 3 faizi genetik sindromların (MEN-1) bir komponenti ola bilər. Bundan başqa hamiləlik vaxtı, doğuş zamanı qan itirmə və hemorragik şoka bağlı Şihan sindromu dediyimiz hipofizə bir qansızma, hipofizin nekrozu və yetərsizliyi də daha çox praktikada rast gəlinir. Səbəbləri çox çeşidlidir. Adenomalar burada başda gələn səbəblərdən hesab olunur.

Hipofiz vəzi xəstəlikləri necə müalicə edilir?

Hipofiz vəzi xəstəliklərinin müalicəsi diaqnozdan çox asılıdır. Hipofiz xəstəliklərinin müalicəsi səbəbə yönəlik aparılmalıdır. Tək prolaktinomadan başqa digər hipofiz vəzində olan funksional aktiv düyünlərin hamısının ilkin müalicəsi cərrahidir. Prolaktinomalar hipofiz vəzi xəstəlikləri içərisində ən çox rast gəlinən və diaqnozu həqiqətən düzgün qoyulmuşdursa dərman müalicəsinə tabe olan düyünlərdir. Bunların müalicəsi təbii ki, xüsusi kontrollar, nəzarət sxemi əsasında verilir. Digər akromeqaliya xəstəsidirsə və ya Kuşinq xəstəliyindən söhbət gedirsə bizim ilkin işimiz cərrahi olaraq həmin düyünün çıxarılması olacaqdır. Bəzən əməliyyat uğursuz olur. Tam düyünü çıxartmaq mümkün olmur. Bu zaman biz konservativ yəni medikamentoz olaraq dərmanlardan istifadə edərək hormon aktivliyi olan törəməni susdurmağa çalışırıq. Bəzən bu da imkansız olur. O zaman xəstələrimizə şüa terapiyası, bəzən şüa cərrahiyyəsi tətbiq etmək üçün radioloqlara yönləndirməli oluruq. Hipofiz vəzin xəstəliklərinin digər bir tərəfi isə hormon yetərsizliyi olur. Müxtəlif səbəblərə bağlı hipofiz vəzində hormon yetərsizliyi mütləq yerinə qoyulmazsa xəstə üçün həyati problemlər yarana bilər. Əgər kortizol hormonunda yetərsizlik varsa ki, bu hipofiz vəzisində AKTH hormonunun yetərsizliyinə bağlıdır, o zaman xəstə həyatı boyu kortizol hormonunun sintetik analoqlarını qəbul etmək məcburiyyətində qalır.Həmçinin qalxanvari vəz hormonunun çatmayan hissəsini yerinə qoyacağıq. Böyümə hormonunun yetərsizliyi uşaqlıq dövründə, pediatrik yaş qrupunda ən çox rast gəlinən hipofiz xəstəliklərinə aid olub, bu cür uşaqlarda hədəf boya çatması üçün böyümə hormonunun sintetik analoqlarını istifadə edirik. Əgər xəstədə şəkərsiz diabet, arxa hipofiz vəzi xəstəliyi varsa çatmayan hormonu yerinə qoymaq üçün bu xəstəliyə aid olan dərmanı da xüsusi burun damcıları, bəzən də tabletlər şəklində vermək məcburiyyətində qalırıq. Hipofiz vəzi xəstəlikləri çox çeşidlidir, komanda işidir və bu xəstəliyin müalicəsi birbaşa olaraq diaqnozun hansı mərhələdə qoyulmasından asılıdır.

© 2024 · hipofiz.org · Layihə Dr.Hidayət Məmmədzadə üçün BERC Creative komandası tərəfindən yaradılıb.